İnfrastruktur
Naxçıvan Muxtar Respublika Stadionu - 18 may 1967-ci ildə istifadəyə verilib. Burada karate-do, bədii gimnastika, futbol üzrə bölmələr fəaliyyət göstərir. Stadionda ölkə kuboku, ölkə superkuboku, Premyer Liqa və I Divizion oyunları, “Heydər Əliyev Kuboku” uğrunda turnirlər, ölkə və beynəlxalq səviyyəli yarışlar və tanınmış incəsənət xadimlərinin konsertləri keçirilib. “Araz – Naxçıvan” PFK ev oyunlarını məhz mərkəzi arenada keçirir. Ümumi sahəsi 16778 m2 olan stadionun eni 68 metr, uzunluğu 108 metrdir. 12800 nəfərlik tamaşaçı tutumuna malikdir. İnzibati binada 13 xidməti otaq, idman zalı, bufet, o cümlədən hər birində 8 duş kabinəsi olan 2 soyunub-geyinmə otağı var. Stadionda 2000, 2013 və 2022-ci illərdə yenidənqurma və təmir işləri aparılıb. Amma stadion hazırda Peşəkar Futbol Liqasının Premyer Liqa üçün müəyyənləşdirdiyi tələblərə cavab vermədiyinə görə, komandamız rəqiblərini Bakının Mərdəkan qəsəbəsində yerləşən “Liv Bona Dea Arena”da qəbul edir. Təbii ot örtüyünə malik olan stadion 2011-ci ildə istifadəyə verilib və 6700 azarkeş tutumuna malikdir.
Uzunoba Təlim-Məşq İdman Kompleksi - Tikintisinə 2020-ci ilin avqust ayında başlanılan Uzunoba Təlim-Məşq İdman Kompleksi 3 aprel 2021-ci il tarixdə istifadəyə verilib. Burada UEFA-nın “Grassroots” layihəsi çərçivəsində futbol festivalı, Region Liqası və uşaq futbolu liqalarının oyunları, təlim-məşq toplanışları, eləcə də müvafiq idman növləri üzrə yarışlar keçirilir.
Ümumi sahəsi 10 min 300 m2 olan kompleksin ərazisinə inzibati bina, süni örtüklü böyük futbol stadionu, üstüörtülü və çəpərlənmiş mini-futbol meydançaları, ikitribunalı çimərlik futbolu stadionu (çimərlik voleybolu üçün də şərait yaradılmışdır) daxildir. İnzibati binada direktor, koordinator, məşqçi, ictimaiyyətlə əlaqələr, hakimlər komitəsi, yarışların keçirilməsi şöbəsi, mühafizə və digər köməkçi otaqlar, proyektorla təmin olunan 40 yerlik iclas zalı vardır.
Böyük futbol stadionunun eni 50, uzunluğu isə 99 metrdir. Stadionda tamaşaçılar üçün 65 oturacaqdan ibarət tribuna qurulmuş və ehtiyat oyunçular üçün hər biri 12 oturacaqdan ibarət 2 yer ayrılmışdır. Üstüörtülü futbol meydançasının örtüyü dörd tərəfdən aqreqatlar vasitəsilə qaldırılır. Eni 30, uzunluğu isə 40 metr olan çimərlik meydançasında 146 və 80 oturacaqdan ibarət 2 tribuna var. 146 nəfərlik tribunada 2 qarderob, hakim, həkim və digər köməkçi otaqlar yerləşir. İnzibati bina və stadionlar müasir işıqlandırma və videokamera sistemləri ilə təchiz edilib.