Tarix
1967-ci ildə “Araz”adı ilə təsis edilən Peşəkar Futbol Klubu Naxçıvan Muxtar Respublikasını təmsil edir. Klub SSRİ dövründə müxtəlif liqalarda çıxış edib. İlk dəfə 1968-ci ildə “Araz” 3-cü zonanın “B” qrupunda mübarizə aparıb və ilk oyununu “Daşqın”a qarşı keçirib. Komanda 1980-ci illərdə (1978-ci il istisna) isə əsasən II dəstədə çıxış edib. "Araz" 1987-ci ildə Azərbaycan SSR-in daxili birinciliyində mübarizə aparıb və klub tarixinin ilk titulunu – çempionluğu qazanıb. Bu çempionluq komandaya yenidən SSRİ çempionatına qayıtmağa imkan yaradıb. Yarandığı gündən etibarən Azərbaycan futboluna yeni nəfəs gətirən "Araz"ın formasını SSRİ dönəmində Böyükağa Hacıyev, Vaqif Sadıqov, Oqtay Abdullayev, Novruz Əzimov, Maşalla Əhmədov, İlqar Hüseynov, Asim İbrahimov, Ceyhun Hüseynov, Allahverdi Səfərov, İbrahim Rzayev və digər tanınmış futbolçular geyiniblər.
“Araz-Naxçıvan” Premyer Liqada 2013-14-cü il mövsümündə iştirak edib. Ancaq 11-ci turda “Qarabağ”a (0:4) məəğlub olduqdan sonra klub rəhbərliyi PFL-ə müraciət edərək, iştirakını dayandırdığını və liqadan çəkildiyini bildirib. Komandamızın Premyer Liqaya növbəti dönüşü 2023-cü ildə baş verib. Birinci Liqanın qalibi olduqdan sonra lisenziyalaşma şərtlərini yerinə yetirib və AFFA İcraiyyə Komitəsinin qərarı ilə Misli Premyer Liqasına dönüb və 2023-2024-cü il mövsümünü 8-ci pillədə başa vurub.
“Araz-Naxçıvan” 2 dəfə Birinci Liqanın (2013-2014, 2022-2023) qalibi olub, 1 dəfə isə Region Liqasının (2021-2022) bürünc medallarını qazanıb.
Klubun İdarə Heyətinin Prezidenti Ramin Axundov, baş məşqçisi Elmar Baxşıyevdir.
Ənənəvi rənglər: qırmızı-ağdır.