“Araz-Naxçıvan” PFK-nın rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin edib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Demirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.
Baş məşqçi Cavid Hüseynovun təyinatla bağlı açıqlaması: “Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. “Araz-Naxçıvan” Premyer Liqaya rəng qatan klublardandır. Hər mövsüm iddiası ilə seçilir. Biz də çalışacağıq ki, bu komanda ilə uğur qazanaq. Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək”.